×
A
A
A
Sazlamalar

Tacir İsmayılov: Mühasirəyə düşdük və həmin gecə 200-dən çox insanın öldüyünün şahidi oldum

Bakı, 26 fevral, AZƏRTAC
Xocalıda qətlə yetirilən insanları heç vaxt unutmamışıq və unutmayacağıq. İyirmi yeddi il keçməsinə baxmayaraq, hələ də o hadisələr gözlərimin önündən getmir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ana harayı” abidəsini ziyarət edən Xocalı sakini Tacir İsmayılov deyib.
T.İsmayılov yaşadığı və şahid olduğu həmin hadisələri belə xatırlayır: “Həmin gecə mən Xocalı aeroportunda Milli Qəhrəman Əlif Hacıyevin dəstəsində olmuşam. Xocalı faciəsindən bir gün əvvəl növbədə olduğum üçün həmin vaxt evdə idim. Atışmanı eşidən kimi dərhal silahımı da goturərək Xocalı aeroportuna getdim. Artıq 366-cı motoalayının zirehli texnikası və hərbi heyəti Xocalını mühasirəyə almışdı. Əlimizdə olan silah və sursatla gecə saat 3-dək mübarizə apara bildik. Çünki ermənilər bizi ümumi mühasirəyə almışdılar. Əgər ümumi mühasirəyə düşməsəydik, Xocalı aeroportunu da tərk etməyəcəkdik. Biz Əlif Hacıyevin göstərişi ilə əhalini mühasirədən, Xocalıdan çıxartmağa başladıq. Əsgəranı keçib Şelli kəndinin bir kilometrliyinə çatanda yenidən mühasirəyə düşdük. Həmin gecə 200-dən çox insanın öldüyünün şahidi oldum. Əlif Hacıyev mənim yanımda şəhid oldu. Hər il fevralın 26-sı “Ana fəryadı” abidəsini ziyarət etməklə təskinlik tapırıq”.

 

Xocalı faciəsi 2019-02-26 14:50:00