×
A
A
A
Sazlamalar

“Ədalət harayımız – Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Xocalı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ədalət harayımız – Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Xocalı Rayon İcra Hakimiyyətinin təmsilçiləri Xəlil Vəliyev və İman Allahverdiyev, şəhid ailələri, Xocalıdan olan ailələrin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Bu dəhşətli cinayətin iştirakçıları öz cəzalarını mütləq alacaqlar. Biz inanırıq ki, Xocalı soyqırımı bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq və öz doğma torpaqlarından didərgin düşmüş insanlar yurd-yuvalarına qayıdacaqlar.
Sonra Xocalı soyqırımına həsr edilmiş qısametrajlı film nümayiş olunub.
Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev çıxış edərək deyib ki, Xocalıda baş verən qanlı faciə Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev diqqəti şəhidlik mövzusuna çəkərək qeyd edib ki, Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərimiz bizim fəxrimiz və qürur mənbəyimizdir. Müqəddəs Qurani-Kərimdə də buyurulur ki, şəhidlər ölmürlər, onlar hər zaman diridirlər.
Tədbirdə, həmçinin Xocalıdan olan şəhid ailəsinin nümayəndəsi Yasəmən Həsənova və digərləri 27 il bundan əvvəl yurd-yuvalarından didərgin düşdüklərini, ailə üzvlərini itirdiklərini, lakin hər zaman sabaha ümidlə, inamla yaşadıqlarını bildiriblər. Onlar işğal altında olan torpaqlarımızın tez bir zamanda azad ediləcəyinə və yurd-yuvalarına qayıdacaqlarına hər zaman inandıqlarını dilə gətiriblər.
Tədbir çərçivəsində Xocalıdan olan şəhid ailələrinin və aztəminatlı ailələrin nümayəndələrinə ərzaq yardımı paylanıb.

Xocalı faciəsi 2019-02-22 17:36:00