×
A
A
A
Sazlamalar

Muzeydə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Xocalısız... 27 il” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin aparıcı elmi işçisi, dosent Bəhman Kərimov bədnam ermənilərin zaman-zaman qəsbkarlıq, işğalçılıq siyasəti apardıqlarını, torpaqlarımızda günahsız qanlar axıtdıqlarını bildirib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə havadarlarının köməyi ilə mənfur düşmənin Xocalıda törətdiyi qırğınlardan danışan alim qeyd edib ki, hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Bildirilib ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib.
Yeni Azərbaycan Partiyası Səbail rayon Gənclər Birliyi ilk ərazi təşkilatının sədri Aygül Ağayeva, şəhid ailəsinin üzvü Sahibə Şahmuradova və digər çıxış edənlər də Xocalı qırğınının dəhşətlərindən bəhs ediblər.
Çıxış edənlər Xocalı soyqırımının dünya birliyinə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rolundan danışıblar. Vurğulanıb ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası bu qanlı faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər həyata keçirir.
Sonra məktəblilər tərəfindən “Xocalıya ədalət!” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xocalı faciəsi 2019-02-22 17:35:00