×
A
A
A
Sazlamalar

ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor, akademik Kamal Abdulla Xocalı soyqırımının əbədi olaraq yaddaşımızda qalacağını bildirib. Rektor deyib: “Xocalı hər gün bizimlədir. Əslində Xocalı böyük “SOS” işarəsidir. Faşizmin, vəhşiliyin nə olduğuna cavab axtarmaq istəyən dünya bu gün Xocalı hadisəsi ilə buna qiymət verə bilər. Ulu Öndərin birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu hadisələrə siyasi qiymət verildi. Bu gün Azərbaycan Prezidentinin fəaliyyəti bizə inam verir ki, Xocalı kimi hadisələrin, qarşıdurmanın nəticəsi haqqın, ədalətin xeyrinə olacaq. Azərbaycan “Xocalıya ədalət!” layihəsi ilə dünya ölkələrinin qarşısına çıxır”.
Tədbirdə ADU-nun tələbələrinin Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.
Universitetin beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən “Xocalı - əsrin faciəsi” adlı tədbirdə beynəlxalq münasibətlər kafedrasının dosenti Emil Qasımov “Xocalı qırğını Azərbaycan tarixində faciə kimi”, regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “Xocalı soyqırımının siyasi təhlili və politoloji aspektləri”, qafqazşünaslıq kafedrasının müəllimi Ramin Quliyev “Xocalı faciəsi şahidlərin yaddaşında” mövzularında məruzələrlə çıxış ediblər.
Xocalı Hava Limanı xətt polis bölməsinin döyüşçüsü Nazim Hacıyev isə şahidi olduğu hadisələrdən danışıb.
ADU-nun tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə "Xocalı şahidlərin gözü ilə" adlı tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, 1992-ci ilin mayında Şuşada, 1993-cü ilin oktyabrında Naxçıvanda gedən döyüşlərin iştirakçısı, german dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Faiq Kərimov, Xocalı sakini, şəhid ailəsinin üzvü, german dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Yusif Allahverdiyev, 1992-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, psixologiya kafedrasının dosenti Əzim Əliyev Xocalıda dinc əhaliyə qarşı törədilən vəhşiliklərdən söz açıblar.
Xocalı sakini, 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva isə əsirlik həyatı ilə bağlı acı xatirələrini bölüşüb.

Xocalı faciəsi 2019-02-22 17:15:00