×
A
A
A
Sazlamalar

Xocalı faciəsi azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

Şabran, 22 fevral, Elxan Yusifli, AZƏRTAC

XX əsrin sonunda dünyanın gözü qarşısında törədilən Xocalı soyqırımı amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 22-də Şabran Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən konfransda danışılıb.
Faciənin tarixi, səbəbləri barədə danışan rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, Xocalı soyqırımı 200 ilə yaxın müddətdə erməni şovinist milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsidir. XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək, yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə ən müasir silahlarla şəhərə hücuma keçərək, Xocalını yerlə-yeksan ediblər. Bu soyqırımı nəticəsində 613 dinc sakin öldürülüb.
Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi və istəyi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Milli Məclisdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında dünya ictimaiyyəti artıq Xocalı həqiqətlərini qəbul edir.
Konfransda Prezident Kitabxanasının şöbə müdiri, tarixçi alim Nazim Mustafa çıxış edərək bildirib ki, Xocalı faciəsi əsrlərboyu xalqımıza qarşı yürüdülən soyqırımı siyasətinin bir hissəsidir. Xarici dövlətlərin himayəsinə arxalanan ermənilər qədim Azərbaycan torpağında özlərinə dövlət qurmaqla yanaşı, “böyük Ermənistan” xülyasına düşərək əzəli torpaqlarımıza işğalçılıq siyasətlərini davam etdirdilər. “Ulu öndər Heydər Əliyev xalqın istəyi ilə yenidən siyasi hakimiyyətə gəlməsəydi, itkilərimiz daha böyük olacaqdı. Məhz onun rəhbərliyi altında yaradılmış Milli Ordumuzun qüdrətini hiss edən ermənilər atəşkəs barədə müqaviləyə imza atmalı oldular. Tarixə Aprel döyüşü kimi yazılmış hadisələr zamanı erməni qəsbkarlar bir daha anladılar ki, Azərbaycan vətəndaşları öz yurd-yuvalarına dönəcəklər və bu gün heç də uzaqda deyil”, - deyə Nazim Mustafa söyləyib.
Konfransda çıxış edənlər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti xüsusilə təqdirəlayiqdir.

Xocalı faciəsi 2019-02-22 16:55:00