×
A
A
A
Sazlamalar

Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilir

Bakı, 15 fevral, AZƏRTAC
Bir il olar ki, “Böyüməyən uşaqlar” kitabının səhnələşdirilməsinə hazırlıq gedir. Fevralın 22-də tamaşa nümayiş olunacaq. Ssenari Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının əsasında yazılıb. Ukraynanın “Çornıy kvadrat” teatrı tamaşanı səhnəyə qoyacaq.
Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat verib. O deyib ki, kitab əsasında çox maraqlı ssenari yazılıb: “Ssenarinin yazılması və səhnələşdirilməsi ideyası müavinim Murad Cəfərovdan gəlib. Layihənin rəhbəri isə mənəm. Ssenarinin üzərində xeyli çalışmışıq. Düşünürəm ki, Xocalı faciəsi haqqında məlumatları ukraynalılara bu formada çatdırmaq daha məqsədəuyğundur. Eyni zamanda, tamaşada Ukrayna hadisələri ilə bağlı məqamlar da olacaq. Səhnədə əsas qəhrəmanlardan biri hər iki valideynini itirən 25 uşaqdan biridir. O, Ukraynaya köçsə də, bəxtinə Ukrayna müharibəsinin də qurbanı olmaq düşüb. Bu tamaşa ilə əlaqədar peşəkar səviyyədə televiziya çəkilişi olacaq”.
Hikmət Cavadov bildirib ki, bu, onların ilk layihəsi deyil: “Bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Dövlət Komitəsinin Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində bu cür layihələrə dəstək verməsi təqdirəlayiqdir. Belə layihələrin xarici ölkələrdə xarici vətəndaşlara təqdim edilməsi bir mesajdır. Zənnimcə, dünyanın bir çox ölkələrində bu cür layihələrin keçirilməsi ilə istədiyimizə nail ola bilərik. Bu layihə keçən ildən Ukraynada müzakirə olunaraq ukrayn dilinə tərcümə olunub. Bu, bizim birinci layihəmiz deyil. “Cəhənnəmi görmüş pilot” filmi də bir neçə ildir ki, xarici ölkələrdə təqdim olunur”.
Qeyd edək ki, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunub. Kitab bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dillərinə tərcümə olunub və dünyanın bir çox ölkəsində təqdimatı keçirilib. Kitabda Xocalıda hər iki valideynini itirmiş uşaqların yaşadığı dəhşətli hadisələr təsvir olunub.

Xocalı faciəsi 2019-02-15 14:06:00