×
A
A
A
Sazlamalar

İstanbulda “Qarabağ və Xocalı soyqırımı” mövzusunda məruzə oxunub

İstanbul, 27 yanvar, AZƏRTAC 

İstanbulda “Türk dünyasında bitməyən qan və göz yaşı” mövzusunda konfrans keçirilib. “Aydınlar ocağı”nın təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanda törədilmiş 20 Yanvar faciəsi, Xocalı soyqırımı barədə geniş məlumat verilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan “Aydınlar ocağı”nın rəhbəri, professor Mustafa Erkan dünyadakı bütün türklərə qarşı törədilmiş soyqırımları ilə bağlı məlumatların bir kitabda dərc olunmasını təklif edib.
Tədbir “Şərqi Türkistan soyqırımı”, “Qarabağ və Xocalı soyqırımı” və “İraq və Suriya türklərinin soyqırımı” mövzularında məruzələrlə davam etdirilib.
“Qarabağ və Xocalı soyqırımı” mövzusunda çıxış edən professor İbrahim Öztek deyib: “Faciənin törədilməsindən xeyli əvvəl artıq Xocalıda humanitar vəziyyət gərginləşmişdi. Ciddi ərzaq və dava-dərman çatışmazlığı yaranmasına baxmayaraq, Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər. Avtomat və ov tüfəngləri ilə silahlanmış yerli sakinlər, milis qüvvələri şəhəri erməni quldurlarından qorumağa çalışırdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər müxtəlif döyüş silahlarının və canlı qüvvələrin köməyi ilə qəflətən şəhərə güclü hücum edib və Xocalı top atəşinə tutulub. Xocalılılar təpədən dırnağadək silahlanmış orduya qarşı tab gətirə bilməyiblər. Şəhərin yaşayış evləri dağıdılaraq yandırılıb və təqribən 2500 nəfər köməksiz Xocalı sakini şəhəri tərk edib. Lakin onlar azərbaycanlı-turk qanına susamış silahlı erməni quldurları ilə üz-üzə gəliblər. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər erməni vandalları tərəfindən misli görünməmiş amansızlıqla qətlə yetirilib. Bir gecənin içində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. O gecə 1275 sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. Biz Xocalı faciəsini və soydaşlarımıza qarşı törədilmiş bu kimi soyqırımlarını unutmamalıyıq”.
Professor Xocalı soyqırımı ilə yanaşı, 20 Yanvar hadisələri və Aprel döyüşləri barədə də iştirakçılara geniş məlumat verib.
Azərbaycanın inkişafı haqqında da danışan İbrahim Öztek ölkəmizi “Qafqazın ən parlaq ulduzu” adlandırıb.
Tədbir mövzular ətrafında müzakirələrlə davam etdirilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-01-27 15:16:00