×
A
A
A
Sazlamalar

Qanlı Yanvar qurbanlarının xatirəsi Türkmənistanda da ehtiramla anılıb

Aşqabad, 21 yanvar, AZƏRTAC
Aşqabadda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Azərbaycanın Türkmənistandakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə səfir Həsən Zeynalov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı sovet qoşunlarının törətdiyi qətliam haqqında məlumat verib, bu günün Azərbaycan xalqının müstəqillik tarixindəki əhəmiyyəti barədə danışıb.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda xalqın haqlı tələbinə qarşı törədilən bu qətliamın məqsədi xalqın milli iradəsini qırmaq olub. Diplomat bu hadisənin sovet rejiminin xislətini, onun məqsədinin xalqları müstəmləkədə saxlamaq olduğunu ortaya çıxardığını bildirib.
Mülki əhaliyə qarşı həyata keçirilən bu amansız qətliamı dünya ictimaiyyətinə çatdıran, təqsirkarları açıq şəkildə ifşa edən məhz Heydər Əliyevin olduğunu bildirən diplomat onun qətliamdan bilavasitə sonra ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransı barədə məlumat verib, dünya ictimaiyyətinin faciənin mahiyyətini məhz bu mətbuat konfransı vasitəsilə öyrəndiyini vurğulayıb.
20 Yanvar faciəsinə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini, şəhidlərin xatirəsinin əbədiləşdirildiyini diqqətə çatdıran səfir şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını qeyd edib.
Şəhidlərin ruhunun şad olması üçün müstəqil dövlətimizin güclənməsi naminə hər bir azərbaycanlının əlindən gələni etməli olduğunu bildirən diplomat bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin buna bariz nümunə olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər bu günün yalnız 1990-cı ilin 20 yanvar tarixində deyil, həm də dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin xatirə günü kimi çox dəyərli olduğunu, bütün azərbaycanlıların ürəyində yaşadığını qeyd ediblər. Bu gün də vətənimizin ərazi bütövlüyü uğrunda şəhid verdiyimizi qeyd edən çıxışçılar xalqımızın azadlıq və dövlətçilik mübarizəsində əzminin heç zaman zəifləməyəcəyini, əksinə, daha da güclənəcəyini bəyan ediblər.
Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmə baxıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

20 yanvar 2019-01-21 18:02:00