×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biridir

Bakı, 21 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal Mərkəzləşmiş Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli filialında 20 Yanvar faciəsinə həsr edilmiş “Təmiz insan, nahaq qan!” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra faciə qurbanlarının xatirəsinə həsr olunmuş “Təmiz insan, nahaq qan” mövzusunda sərgiyə baxış olub.
Anım mərasiminin aparıcısı, şair-publisist Zərəngiz Dəmirçi Qayalı çıxış edərək faciənin başvermə səbəblərini, həmin dövrün ictimai-siyasi hadisələri fonunda təhlil edib. Bu günü Azərbaycan tarixinin müstəqilliyə gedən yoldakı dönüş nöqtəsi kimi qiymətləndirərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biri, hərbi təcavüz kimi tarixə düşdüyünü söyləyib.
“Qafqaz Media” İctimai Birliyinin sədri Azadə-Taleh Hüseynova 20 Yanvar faciəsinin Azərbaycan xalqının taleyində oynadığı roldan, qanlı faciəyə aparan tarixi şəraitdən, o dövrkü səriştəsiz Azərbaycan rəhbərliyinin yarıtmazlığından danışıb.
Neftçi-şair Hacı Zaməddin Ziyadoğlu, kitabxananın əvəzləyici direktoru Hilanə Babayeva, Hacı Azad və başqaları heç bir günahı olmayan, xalqının müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan, əliyalın əhalinin, gənclərin, qoca və qadınların üzərinə ağır artilleriya yeridildiyini, yüzlərlə insanın keçmiş SSRİ silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini, əlil və şikəst olduğunu söyləyiblər. Ölkədə qanunsuz olaraq gecə ikən fövqəladə vəziyyət elan olunduğunu, insanların sorğu-sualsız gülləbaran edildiyini vurğulayıblar.
Çıxış edənlər azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərimizin böyük qəhrəmanlığı və onların əziz xatirəsinin heç zaman unudulmayacağını bildiriblər.
Yanvar hadisələri zamanı həyatlarını qurban vermiş şəhidlərin qəhrəmanlığının müstəqilliyimizin bərpa edilməsində əvəzolunmaz rolunu vurğulayıblar.
Sonda Yasamal rayon 225 nömrəli məktəbin 2-ci sinif şagirdi Yaşar Babazadə şəhidlərin xatirəsinə həsr edilmiş şeir söyləyib.

20 yanvar 2019-01-21 17:50:00