×
A
A
A
Sazlamalar

Qanlı Yanvar şəhidlərinin xatirəsi Qətərdə də ehtiramla yad olunub

Bakı, 21 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Qətərdəki səfirliyində anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə səfirliyin əməkdaşları, Qətərdə yaşayan azərbaycanlılar, həmçinin yerli ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra səfir Rəşad İsmayılov faciənin tarixi və Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsi barədə ətraflı danışıb. 20 Yanvar hadisələrinin səbəbləri və nəticələrindən danışan diplomat bu qanlı faciənin Azərbaycanın yeni tarixinin ən acı səhifələrindən biri olduğunu, yüzlərlə vətəndaşımızın qətlə yetirildiyini və yaralandığını, həmçinin ölkədə böyük dağıntıların törədildiyini diqqətə çatdırıb. Həmin gün şəhid olan vətən övladlarının öz qanları bahasına Azərbaycanın müstəqillik və azadlıq mübarizəsi tarixində şanlı səhifə açdıqlarını bildirib.
Səfir əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqil dövlətini qurmaq iradəsini daha da möhkəmləndirib və faciədən qısa müddət sonra onun azadlıq və müstəqilliyini yenidən bərpa etməsi ilə nəticələnib.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib.

20 yanvar 2019-01-21 14:33:00