×
A
A
A
Sazlamalar

Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində 20 Yanvar şəhidinin xatirəsi anılıb

Tbilisi, 20 yanvar, AZƏRTAC
Yanvarın 20-də Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində 20 Yanvar şəhidi Rəşid İsmayılovun xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Ağtəhlə bələdiyyəsinin deputatı, kənd ağsaqqalı Eləmdar Quliyev açaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Gürcüstanda doğulub böyüyən soydaşlarımızın da mübarizə apardıqlarını, onlardan bəzilərinin şəhid olduğunu bildirib. Qeyd edib ki, şəhid olan övladlarımızdan biri də 1949-cu ildə Ağtəhlə kəndində anadan olmuş İsmayılov Rəşid İslam oğludur. O, Rostov Dəmir Yolu İnstitutunu bitirdikdən sonra Azərbaycan dəmir yolu idarəsində işləməyə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşadığı Biləcəri qəsəbəsinə gedən yolda düşmən gülləsinə tuş gələn Rəşid aldığı ağır yaradan yanvarın 23-də dünyasını dəyişib. Şəhidlər xiyabanında dəfn olunan şəhidimizin iki övladı – bir oğlu və bir qızı var.
Qaratəhlə Ağsaqqallar Şurasının sədri Məhərrəm Cəfərov, Ağtəhlə Ağsaqqallar Şurasının sədri Novruz Əlmədətov, kəndin ziyalılarından İsmixan Mağalov və başqaları çıxışlarında Azərbaycan və gürcü xalqlarının dostluq və qəhrəmanlıq tarixinə nəzər salıb, hər iki xalqın oxşar talelər yaşadıqlarını vurğulayıblar. Bildirilib ki, hər iki dövlət müstəqilliyini əldə etmək üçün qurbanlar verib. Qan bahasına əldə olunan qələbə və bu mübarizədə şəhid olanlar heç zaman unudulmur.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxış edərək Qanlı Yanvar faciəsinin əsas səbəblərindən danışıb, bu hadisələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini qırmağa yönəldilmiş addımların bir hissəsi adlandırıb. Bildirib ki, Azərbaycanın, eləcə də Gürcüstanın azadlığı uğrunda aparılan mübarizə dövlətlərimizin müstəqilliyə qovuşması ilə nəticələnib. Ona görə də 9 Aprel və 20 Yanvar hadisələri xalqlarımızın qəhrəmanlıq tarixində şanlı bir səhifədir.
Şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2019-01-20 23:02:00