×
A
A
A
Sazlamalar

Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın yaddaşına həkk olunan mübarizə rəmzidir

Bakı, 20 yanvar, Elvin Camalov, AZƏRTAC
20 Yanvar xalqımızın yaddaşına həkk edilən mübarizə rəmzidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 20 Yanvar Azərbaycan xalqının həm hüzn günü, həm də qəhrəmanlıq salnaməsidir. 20 Yanvarda şəhid olan vətəndaşlarımız ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Bu hadisənin günahkarları Azərbaycan xalqı tərəfindən ittiham olunur.
“Ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra bu hadisələrə hüquqi-siyasi qiymət verilib. 20 Yanvar hadisələri baş verəndən sonra ümummilli lider Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək Mixail Qorbaçov başda olmaqla bu faciəni törədənləri kəskin şəkildə ittiham edib”, - deyə M.Qurbanlı vurğulayıb.
O qeyd edib ki, baş verən hadisələr barədə müxtəlif kitablar nəşr edilib, filmlər çəkilib, tədqiqatlar aparılıb. 29 il keçsə də 20 Yanvar hadisələri xalqın yaddaşına həkk olunan şücaət rəmzidir.

20 yanvar 2019-01-20 11:08:00