×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidləri Azərbaycanın tarixinə parlaq səhifə yazıblar

Bakı, 20 yanvar, AZƏRTAC

“Azərkitab – Kitab Təbliğatı Mərkəzi”ndə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə mərkəzin əməkdaşları Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət ediblər. Mərkəzdə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və faciə ilə bağlı sənədli film nümayiş etdirilib.
“Azərkitab-Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Sabir Həsənov 1990-cı il yanvarın 20-də sovet ordusunun paytaxtda, eyni zamanda, bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb.
Sabir Həsənov qeyd edib ki, 20 Yanvar şəhidləri Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. O, 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini xatırladıb.
Çıxışlarda bildirilib ki, o qanlı gecədə həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polislər də olub. Qabaqcadan düşünülüb hazırlanan bu qətliam Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Bu qətliam bölgələrdə də davam etdirilib.
Tədbirdə faciə şəhidlərinin yaxınları, gənclər, qeyri-hökumət təşkilatlarının üzvləri, ziyalılar, şairlər, dövlət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.

20 yanvar 2019-01-20 03:22:00