×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın kollektivi Qanlı Yanvar faciəsinin 29-cu ildönümünü qeyd edib VİDEO

Bakı, 19 yanvar, AZƏRTAC 

Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, bu qırğına bais olmuş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb. O, xalqımızın həmin ağır günlərində ümummilli lider Heydər Əliyevin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı hadisələri pislədiyini, totalitar sovet rejiminin insanlıq əleyhinə olan siyasətinə kəskin etiraz bildirdiyini diqqətə çatdırıb. Bildirib ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında silinməz izlər buraxmaqla yanaşı, milli qürur nümunəsi, Azərbaycanın suverenliyi və istiqlaliyyəti uğrunda mübarizəsinin şanlı səhifəsidir.
İdarə Heyətinin sədri 20 Yanvar faciəsinə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verildiyini qeyd edib.
Tədbirdə faciənin şahidləri çıxış edərək öz acı xatirələrini bölüşüb, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində oynadığı rol barədə fikirlərini bildiriblər. Həmin qanlı hadisələrin, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğu vurğulanıb.
Bildirilib ki, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin problemlərinin dövlət səviyyəsində həll olunması istiqamətində mühüm qərarlar qəbul edilib.

20 yanvar 2019-01-19 16:52:00

Video