×
A
A
A
Sazlamalar

Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş elmi sessiya keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sessiyanı institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli açaraq Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda tarixboyu qurbanlar verdiyini xatırladıb. O, 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğıcı kimi xarakterizə edib, sovet imperiyasının rəhbərliyinin göstərişi ilə Azərbaycanın hər tərəfdən informasiya blokadasına alındığı həmin günlərdə ümummilli lider Heydər Əliyevin birbaşa Moskvada qanlı hadisələrlə bağlı bəyanat yaymasını ən böyük tarixi addım adlandırıb. Ümummilli Liderin həmişə xalqın yanında olduğu və onun təşəbbüsü ilə 20 Yanvara xüsusi status verildiyi vurğulayıb. A.Əliyeva-Kəngərli Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinə və həmin hadisələrdə əlil olmuş şəxslərə xüsusi qayğı göstərməsini onun Ulu Öndərin siyasətinə sədaqəti kimi səciyyələndirib.
İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov da çıxışında öz xalqının azadlığı uğrunda şəhid olan insanların heç vaxt unudulmadığını bildirib, onların tarixdə əbədi qalacaqlarını qeyd edib.
Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov 20 Yanvarın təkcə hüzn günü deyil, həm də qəhrəmanlıq, şərəf və ləyaqət günü olduğunu vurğulayıb.
Tədbirdə Əlyazmalar İnstitutunun kitabxana və elmi informasiya şöbəsinin əməkdaşlarının hazırladıqları “Azadlığa gedən yol” adlı slayd nümayiş olunub.

Elm və təhsil 2019-01-19 14:46:00