×
A
A
A
Sazlamalar

20 Yanvar qurbanlarının xatirəsi Santiaqoda da anılıb

Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Çilidəki diplomatik missiyasının və bu ölkənin nüfuzlu siyasi analitik mərkəzlərindən olan “Ciudadano Austral” və “Fundacion Libertad y Desarrollo” təşkilatlarının birgə təşəbbüsü ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Çilidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və dövlət strukturlarını təmsil edən rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan-Çili ikitərəfli münasibətlərindən danışan “Ciudadano Austral” təşkilatının icraçı direktoru Andres Barrientos qarşılıqlı diplomatik nümayəndəliklərin təsis edilməsi fonunda Çilidə Azərbaycan tarixinin önəmli hadisələri ilə bağlı, eləcə də bu gənc respublikanın azadlığı və müstəqilliyi uğrunda şəhid olan insanların xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Tədbirdə təqdimatla çıxış edən ölkəmizin Çilidəki səfiri Rəşad Aslanov Azərbaycanın dövlətçilik tarixi barəsində məlumat verib, xalqımızın daim öz azadlığı və müstəqilliyi uğurunda mübarizə apardığını, bu müqəddəs amalın nəsildən-nəslə ötürüldüyünü və şərəfli mübarizənin məntiqi nəticəsi olaraq, bir əsrdə iki dəfə ölkəmizin öz müstəqilliyinə nail olduğunu vurğulayıb. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsində 20 Yanvar hadisələrinin əhəmiyyətli rolundan danışan R.Aslanov xalqımızın müstəqillik ideyalarının möhkəmləndiyini, milli həmrəylinin daha da gücləndiyini və Azərbaycanın müstəqillik prosesinin sürətləndiyini bildirib. Diplomat 20 Yanvar hadisələrinin tariximizin acı olmaqla yanaşı, şanlı səhifələrindən biri kimi xalqımız tərəfindən qürurla anıldığını diqqətə çatdırıb. O, 20 Yanvar gecəsində öz dövlətinin azadlığı və müstəqilliyi uğrunda küçələrə axışan mülki əhaliyə qarşı Sovet İttifaqının törətdiyi və milli azadlıq ideyalarının məhv edilməsinə yönəlmiş bu qəddar və qanlı əmələ ilk siyasi qiymətin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb.
Səfir ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin yeni tarixi mərhələyə qədəm qoyduğunu, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən uğurlu xarici siyasətin nəticəsində Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyini qeyd edib, ölkəmizin təşəbbüskarı və icraçısı olduğu qlobal əhəmiyyətli enerji və beynəlxalq nəqliyyat layihələri barədə də məlumat verib.
Daha sonra tədbirdə çıxış edən Çilinin görkəmli tarixçisi və jurnalisti Maqdalena Merbilha Azərbaycanın qədim tarixi sivilizasiya mərkəzi olduğunu qeyd edib, ölkəmizin müstəqillik tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, Azərbaycanda törədilən 20 Yanvar qırğınının Sovet İttifaqının süqutuna təsirindən danışıb.

20 yanvar 2019-01-19 10:52:00