×
A
A
A
Sazlamalar

KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
KOBİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyəti sədrinin müavini Nadir Adilov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Bakıda törətdiyi faciənin Azərbaycan xalqının yaddaşına azadlıq və müstəqillik uğrunda mübarizə tarixi kimi əbədi həkk olunduğunu vurğulayıb. Qeyd edilib ki, 20 Yanvar faciəsinə ilk və ən kəskin etirazı ümummilli lider Heydər Əliyev bildirib. Məhz dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi üçün qərarlar qəbul edir, şəhidlərimizin xatirəsinin anılması üçün hər il dövlət səviyyəsində geniş Tədbirlər Planı hazırlanaraq həyata keçirilir.
Çıxış edənlər 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağını, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin Azərbaycansevərlərin qəlbində daim yaşayacağını deyiblər.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş "Müqəddəs məkan" filmi nümayiş edilib.

20 yanvar 2019-01-19 10:42:00