×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, prorektor İsa Xəlilov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. İndi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib. Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlamaq iqtidarına, güclü iqtisadiyyata malik bir ölkədir. Lakin dünyada bir çox separatçı və məkrli niyyəti olan ölkələr, güc mərkəzləri var ki, onlar bu cür qətliamların baş verməsi üçün planlı işlər aparırlar. 20 Yanvar kimi faciəni yaşamamaq üçün biz daim özümüzü inkişaf etdirməli, dövlət və dövlətçilik ətrafında sıx birləşməliyik.
Sonra tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev 20 Yanvar hadisələrinə zəmin yaradan tarixi faktlardan danışıb.
AzTU-nun maşın və mexanizmlər nəzəriyyəsi kafedrasının böyük elmi işçisi Süleyman Sultanov çıxışında bildirib ki, 20 Yanvar hadisəsinə təkcə faciə kimi yanaşılmır. Azərbaycan gəncləri tərəfindən bu tarixə qəhrəmanlıq və müstəqilliyimiz uğrunda mübarizə tarixi kimi baxılır.

Elm və təhsil 2019-01-18 19:59:00