×
A
A
A
Sazlamalar

20 Yanvar hadisələri Azərbaycan xalqının imperiyaya qarşı mübarizəsinin qanlı zirvəsi olub

Bakı, 18 yanvar, AZƏRTAC 

AMEA-nın Folklor İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun direktoru, akademik Muxtar İmanov 20 Yanvarı Azərbaycan tarixində faciə, həm də qəhrəmanlıq səhifəsi adlandırıb. Qeyd edib ki, keçmiş SSRİ məkanında azadlıq mücadiləsinin ən kəskin meydanlarından biri Azərbaycan olub. Moskva bunu duyan kimi müxtəlif vasitələrlə xalqımızı susdurmağa çalışıb. 20 Yanvar hadisələri Azərbaycan xalqının imperiyaya qarşı mübarizəsinin qanlı zirvəsi olub. Bu, eyni zamanda, bizim fəxarət və şərəf tariximizin parlaq səhifəsidir. 20 Yanvar şəhidlərinin uyuduğu məkan bizim üçün müqəddəs and yeridir.
Sonra institutun folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı sənədli film nümayiş etdirilib. Tarixi faktları, o günlərin lent yazılarını əks etdirən film böyük maraqla izlənilib.
Daha sonra çıxış edən institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgər 20 Yanvar hadisələrini imperiya caynağından qurtulmaq istəyən, müstəqilliyə can atan Azərbaycan xalqının gözünü qorxutmaq, onun iradəsini qırmaq üçün təşkil edilmiş qanlı təxribat adlandırıb.
Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair Nizami Muradoğlu da faciə ilə bağlı təəssüratlarını bölüşərək bildirib ki, şəhidlər olmayan yerdə qələbə də olmur: “20 Yanvar faciə olduğu qədər, həm də bizə xalq olaraq şərəf gətirən hadisədir”.
Filologiya üzrə elmlər doktoru, şair İslam Sadıq adıçəkilən qanlı terrorun müstəqilliyə təşnə olan xalqımızın hiddətini qıra bilmədiyini, əksinə, daha da əzmkar və döyüşkən bir xalqa çevirdiyini dilə gətirib. O, Qanlı Yanvar hadisələrinin ədəbiyyatda, rəssamlıqda, sənədli filmlərdə yetərincə əksini tapdığını vurğulayıb.

Elm və təhsil 2019-01-18 19:55:00