×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, Əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedərək 20 Yanvar faciəsi qurbanlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Sonra Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını vurğulayan C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldular”.
Ehtiyatda olan polkovnik qeyd edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Tədbirdə çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.

20 yanvar 2019-01-18 17:07:00