×
A
A
A
Sazlamalar

İstanbulda Qanlı Yanvar faciəsinin ildönümü qeyd edilib

İstanbul, 18 yanvar, AZƏRTAC
Türkiyənin İstanbul Universitetində Qanlı Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İstanbul Universiteti ilə Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin, həmçinin “Hazarfem” Türkiyə Azərbaycan dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda əvvəlcə hər iki qardaş ölkənin şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib. Qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin sədri Rəşid Mustafazadə çıxış edərək Azərbaycan tarixinin kədərli, eyni zamanda, qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin Türkiyədə hər il qeyd olunduğunu bildirib. O, Qanlı Yanvar faciəsinin, şəhidlərin əziz xatirəsinin türk xalqının qəlbində daim yaşayacağını bildirib.
Sonra Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attarın mövzu ilə əlaqədar məruzəsi dinlənilib. A.Attar məruzəsində Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının zaman–zaman tarixin sınaqlarından keçdiyini bildirib. O qeyd edib ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinin faciəvi səhifəsi olmaqla yanaşı, eyni zamanda, müstəqillik yolunda bir dönüş nöqtəsi rolunu oynayıb.
Tədbirdə A.Attarın müəllifi olduğu, erməni vəhşiliklərini ifşa edən "Erməniçilik müasir dövrün problemi kimi” kitabı haqqında məlumat verib.
Konfransda Azərbaycanın İstanbuldakı konsulluğunun nümayəndələri, siyasət, elm və mədəniyyət xadimləri, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

 

20 yanvar 2019-01-18 12:35:00