×
A
A
A
Sazlamalar

DİM tərəfindən indiyə qədər aparılan seminarlara 53 rayon üzrə 2473 nəzarətçi-müəllim cəlb edilib

Bakı, 17 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) 2019-cu ildə keçirəcək qəbul və buraxılış imtahanlarında zal nəzarətçisi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələlər davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 7-dən başlanan seminarlarda AMEA-nın əməkdaşları ilə yanaşı, Bakının Binəqədi, Səbail, Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, həmçinin bölgələrdəki şəhər və rayonlarda yerləşən ümumtəhsil müəssisələrindən cəlb edilən müəllimlər iştirak ediblər.
DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən indiyə qədər aparılan seminarlara 53 rayon üzrə 2473 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 165 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət edilib.
Seminar‑məşğələlərdə nəzarətçilər imtahanların gedişi haqqında qaydalarla yanaşı, ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə uyğun istifadə olunacaq cavab vərəqlərinin doldurulması, eləcə də xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulan dinləmə qurğusundan istifadə edilməsi qaydalarını öyrənirlər. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir.
Seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

Elm və təhsil 2019-01-17 17:27:00