×
A
A
A
Sazlamalar

Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Bakı, 16 yanvar, AZƏRTAC 

Noyabrın 27-də elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, elan üzrə 8 dövlət orqanında mövcud olan 65 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Ümumilikdə 174 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin əmək bazarının təhlili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), nazirliyin daxili nəzarət və audit şöbəsinin təftiş, monitorinq və təhlil sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 12 namizəd), Dövlət Turizm Agentliyinin hüquq və insan resursları şöbəsi, şöbə müdirinin müavini (1 vakant yer üzrə 8 namizəd) vəzifələri olub.
Müsahibələrin yanvarın 18-dən 31-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Elm və təhsil 2019-01-16 10:59:00