×
A
A
A
Sazlamalar

II Avropa Oyunlarının bir obyekti yenidənqurma işlərindən sonra fəaliyyətə başlayıb

Bakı, 15 yanvar, AZƏRTAC
2019-cu ildə II Avropa Oyunlarının bir obyekti – marşal S.K.Timoşenko adına İdman-Atıcılıq Kompleksi yenidənqurma işlərindən sonra fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, məxsusi bu hadisə ilə əlaqədar Belarus Respublikası Müdafiə Nazirliyinin rəsmi şəxslərinin iştirakı ilə təntənəli mərasim keçirilib.
Minskdə 1971-ci ildə tikilmiş bu obyekt Müstəqillik prospektində yerləşir və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Semyon Konstantinoviç Timoşenkonun adını daşıyır. Kompleksin mövcud olduğu illər ərzində burada çoxsaylı atıcılar yetişdirilib, həmin idmançılar dünya səviyyəli yarışlarda 30-dan çox qızıl medal qazanıblar. Yüksək standartlar səviyyəsində yenidən qurulmuş tir iri beynəlxalq turnirlər keçirməyə imkan verir. Güllə atıcılığı ustaları II Avropa Oyunları dövründə məhz burada forumun mükafatları uğrunda mübarizə aparacaqlar.
Yenidənqurma işlərindən sonra kompleksin açılışı günündə orada Belarus Kuboku uğrunda yarışlara start verilib. 2019-cu il mövsümünün kubok yarışlarının birinci mərhələsində ölkənin müxtəlif regionlarını təmsil edən 185 atıcı iştirak edir. Əlamətdar haldır ki, bu tədbir ölkənin milli komandasının ən güclü nümayəndələrinin diqqətindən kənarda qalmayıb.
Beş gün davam edəcək yarışlar ərzində iştirakçılar 50 metr məsafədə 3 vəziyyətdə kiçik çaplı tüfəngdən (kişilər və qadınlar), 25 metr məsafədə kiçik çaplı tapançadan (kişilər və qadınlar), 10 metr məsafədə pnevmatik tüfəngdən (kişilər, qadınlar və qarışıq komandalar), 10 metr məsafədə pnevmatik tapançadan (kişilər, qadınlar və qarışıq komandalar) atəş açmaqda ən güclülər müəyyən ediləcək. Yarışlar Hindistanda keçiriləcək Dünya Kuboku mərhələsi üçün seçim xarakteri daşıyır.
Minskdə II Avropa Oyunlarında güllə atıcılığı yarışlarının iştirakçıları 13 medal dəsti uğrunda mübarizə aparacaqlar. Proqramın olimpiya növlərində qaliblər 2020-ci ildə Tokioda (Yaponiya) keçiriləcək yay olimpiya oyunlarına kvota qazanacaqlar. 2019-cu il multiidman forumuna test tədbiri may ayında Belarusun paytaxtında keçiriləcək. həmin tədbirdə xarici ölkələri təmsil edən atıcıların da iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. İdmanın 15 növü üzrə yarışlar dünyanın 50 ölkəsini təmsil edən 4 mindən çox idmançı 200 mükafat dəsti uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda keçirilmiş birinci Avropa oyunlarında ölkəmizin yığması qazandığı medalların sayına görə ikinci yeri tutub.

İdman 2019-01-15 17:54:00