×
A
A
A
Sazlamalar

Qadın həndbolçuların Azərbaycan çempionatında ikinci dövrəyə yekun vurulub

Bakı, 15 yanvar, AZƏRTAC

Qadın həndbolçuların Azərbaycan çempionatının onuncu turu arxada qalıb. Son oyun günündə iki qarşılaşma olub.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Qarabağ”–“Gənclərbirliyi” matçında nominal meydança sahibi çempionatın aşkar autsayderini növbəti məğlubiyyətlə barışdırıb – 37:19.
Baş mükafata əsas namizədlərdən sayılan “Azərsu” isə “İdman Akademiyası” ilə oyunda inamlı qələbə qazanıb. “Tələbələr” çox çalışsalar da, güclü rəqibin kəsərli həmlələrini dəf etməkdə çətinlik çəkiblər. Görüş 37:15 hesabı ilə “Azərsu”nun xeyrinə nəticələnib.
On oyundan hərəyə 18 xal toplayan “Azəryol” və “Azərsu” komandaları çempionatın şərikli liderləridir. “Qarabağ” 12 xalla 3-cü pillədə qərarlaşıb. Dördüncü pillənin sahibi Tbilisi “Olimpiya”sının aktivində 7 xal var. “İdman Akademiyası” 5 xalla beşinci yerdədir. Autsayder “Gənclər Birliyi”nin isə hələ də xalı yoxdur.
Bu turdan sonra Azərbaycan çempionatında qısa fasilə yaranacaq. Yarışın üçüncü dövrəsinə yanvarın 24-də start veriləcək.

 

İdman 2019-01-15 13:28:00