×
A
A
A
Sazlamalar

Valideynlər ADU-da imtahan prosesini izləyiblər

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan tələbələrin valideynlərinin bir qrupu 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verdikdən sonra onları universitetlə tanış edib.
İmtahanları izləyən valideynlər prosesin təşkili və gedişatından razı qalıblar, imtahan prosesində obyektivlik və şəffaflığın tam təmin olunmasında rəhbərliyin gördüyü tədbirləri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. Yanvarın 3-dən başlanmış imtahan sessiyası əyani şöbədə fevralın 4-dək davam edəcək.
İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat, əlavə vaxta ehtiyac yarandığı halda nəzərə alınması müəyyənləşdirilib.
Əlavə edək ki, əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda, sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.
ADU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

Elm və təhsil 2019-01-14 16:06:00