×
A
A
A
Sazlamalar

Təhsil işçilərinin beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsinə başlanılıb

Bakı, 14 yanvar, AZƏRTAC

“eTwinning Plus” layihəsinə qoşulmuş təhsil işçilərinin 2019-cu il ərzində xarici ölkələrdə keçiriləcək beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsinə başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, il ərzində “eTwinning” proqramı üzrə layihələrdə iştirak edən təhsil işçiləri üçün müxtəlif seminar, konfrans və peşəkar inkişaf proqramları təşkil olunur. Xarici ölkələrdə keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlər üçün təlimlərdə iştirak ödənişsizdir.
Tədbirlərdə iştirak üçün seçim müsabiqəsi 2 mərhələdə aparılır. Birinci mərhələyə müraciət edən iştirakçı ən azı bir il “eTwinning Plus” layihəsində iştirak etməli, həyata keçirilmiş 5-dən çox təhsil layihəsinin müəllifi və ingilis dilində ünsiyyət bacarıqlarına malik olmalı, “eTwinning” portalından istifadə edə bilməlidir.
Müsabiqənin 2-ci mərhələsinə keçən namizədlərlə müsahibəni Təhsil Nazirliyinin İşçi Qrupu aparır. Müsahibədə uğur qazanan namizədlər “eTwinning” proqramı çərçivəsində Avropada keçiriləcək beynəlxalq təlimlərdə iştirak hüququ qazanırlar.
Azərbaycanda “eTwinning Plus” layihəsi 2016-cı ildən etibarən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır. Layihə çərçivəsində indiyədək 419 məktəbdən 1166 müəllimin iştirakı ilə 1053 təhsil layihəsi həyata keçirilib.

Elm və təhsil 2019-01-14 12:06:00