×
A
A
A
Sazlamalar

Uşaq Paralimpiya Komitəsinin inkişaf perspektivləri müzakirə olunub

Bakı, 11 yanvar, AZƏRTAC

UNICEF-in Azərbaycan nümayəndəliyində Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və nümayəndəliyin rəhbəri Edvard Karvardin arasında görüş keçirilib.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Komitənin nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin inkişaf etdirilməsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
İ.Rəhimov məmnunluqla vurğulayıb ki, UNICEF-in ölkəmizdəki nümayəndəliyi Azərbaycanda uşaq Paralimpiya hərəkatı yarandığı ilk dövrdən onun inkişafına fəal dəstək verib. Bunun nəticəsində hazırda respublikamızın bölgələrindən sağlamlıq imkanları məhdud yüzlərlə uşaq idmanın səkkiz növü üzrə bu hərəkata qoşulub.
E.Karvardin beynəlxalq təcrübədə ilk dəfə olaraq, AMPK-nın nəzdində uşaq Paralimpiya hərəkatının yaradılmasının sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onların reabilitasiyasına güclü təkan verdiyini bildirib. O, bundan sonra da bu hərəkata dəstək verəcəklərini qeyd edib.
Görüşdə uşaq Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə növbəti beş il müddətinə UNICEF-in Azərbaycan nümayəndəliyi ilə AMPK arasında növbəti memorandumun imzalanması və bu məqsədlə işçi qrupunun yaradılması qərara alınıb.
Qeyd edək ki, 2013-cü ilin sentyabrda beynəlxalq təcrübədə ilk dəfə AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Ölkəmizdə uşaq Paralimpiya hərəkatının inkişaf etdirilməsi məqsədilə 2013-cü ilin oktyabrında UNICEF-in Azərbaycan nümayəndəliyi ilə Komitə arasında anlaşma memorandumu imzalanıb.

İdman 2019-01-11 19:40:00