×
A
A
A
Sazlamalar

Güləş hakimləri və məşqçiləri üçün seminar keçirilib

Bakı, 11 yanvar, AZƏRTAC

Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçirilir. Bununla bağlı yarışdan əvvəl hakimlər və məşqçilər üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Hakimlər Kollegiyasının sədri Qərib Əliyev ənənəvi turnirdə ədaləti qoruyacaq referilərə tövsiyələrini çatdırıb və yarışla bağlı ətraflı məlumat verib.
Daha sonra baş tutan məşqçilərin seminarında Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Orxan Məmmədov və idman şöbəsinin müdiri Yaqub Məmmədov da iştirak ediblər.
Qonaq komandaların məşqçilərinin də qatıldığı tədbirdə AGF-in baş katibi təlimatlarını verib, təşkilatçılıq məsələlərinə toxunub və gələcəkdə xatirə turnirində iştirakçı sayının daha da artacağına inam ifadə edib.
Xatırladaq ki, yanvarın 11-də sərbəst, ertəsi gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

İdman 2019-01-11 14:25:00