×
A
A
A
Sazlamalar

Azərbaycanlı bioloq alim belaruslu həmkarları ilə elmi müzakirələr aparıb

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun böyük elmi işçisi Ülkər İbrahimova Belarusda elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyət “Fotosintezin ilkin proseslərinin fitoxromla tənzimlənməsi mədəni bitkilərin stressə davamlılıq amili kimi” mövzusunda təsdiq olunmuş “Azərbaycan-Belarus” layihəsi çərçivəsində reallaşıb. Layihəyə xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov rəhbərlik edir.
Ü.İbrahimova Belarus Milli Elmlər Akademiyası Biofizika və Hüceyrə Mühəndisliyi İnstitutunda və Belarus Dövlət Universitetinin hüceyrə biologiyası və bitkilərin biomühəndisliyi kafedrasında ˮNaCl-un Triticum aestivum L.genotiplərində bəzi fotosintetik və biokimyəvi parametrlərə təsiriˮ mövzusunda məruzə ilə çıxış edib. Ü.İbrahimova, həmçinin Belarus Elmlər Akademiyasının Genetika və Eksperimental Botanika institutlarında, eləcə də Belarus Dövlət Universitetinin biologiya fakültəsində və laboratoriyalarında olub, tələbə və müəllimlərlə maraqlı elmi müzakirələrdə iştirak edib.

Elm və təhsil 2018-12-12 12:00:00