×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir

Bakı, 10 dekabr, AZƏRTAC

Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, rayon icra hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anım günü münasibətilə “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda konfrans keçirilib.
Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək deyib ki, 12 dekabr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinin anım günüdür. Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısında xidmətləri əvəzedilməzdir. Azərbaycan xalqı fəxr edir ki, onun müasir tarixi, taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Ümummilli Liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən inamla icra olunur. Prezidentlə çiyin-çiyinə çalışan, onun ən yaxın silahdaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dövlət səviyyəsində həyata keçirilən bu işlərdə xüsusi xidmətlər göstərərək irimiqyaslı layihələrlə davamlı olaraq cəmiyyətə öz töhfəsini verir.
Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov deyib ki, bu günlər respublikamızın hər yerində ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılır. Bütün ömrü boyu Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi üçün çalışan Ulu Öndər Azərbaycanın bu gününü - müasir Azərbaycanı yaradıb. Ötən zaman kəsiyi göstərdi ki, Ümummilli Liderin həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin daimi yaşamasına zəmin yaratdı. Bu gün Heydər Əliyev siyasəti yaşayır və Azərbaycanın müstəqilliyini əbədi və dönməz edir.
Konfransda məruzə ilə çıxış edən tarix elmləri doktoru, professor Mais Əmrahov qeyd etdi ki, ulu öndər Heydər Əliyevdə böyük uzaqgörənlik, məxsus olduğu insanlara, xalqa, torpağa böyük sədaqət hissləri var idi. Heydər Əliyev yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Xalqa arxalanan, xalqı hər zaman öz arxasında görən, qəlbində Azərbaycan insanına məhəbbət olan rəhbər həmişə qalib olur.
Sonra tədbirdə Milli Məclisin deputatı Ağacan Abıyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri, Suraxanı Maşınqayırma Zavodu TASC İdarə Heyətinin sədri Arif Babayev çıxış ediblər.
Sonda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya göstərilib.

Daxili siyasət 2018-12-10 20:33:00