Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türk Şurasının növbəti Zirvə toplantısı gələn il Azərbaycanda keçiriləcək

Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 6-da Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hazırda da bu quruma BMT, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyi davam etdirdiyini bildirib. O, ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verməklə, konkret layihələr və təşəbbüslər üzərində işlədiyindən bəhs edib.
Bağdad Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. O, Türk Şurasının beynəlxalq qurum olaraq 2009-cu ildə Naxçıvanda reallaşan Zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyətini vurğulayıb. Bildirib ki, 2019-cu ildə təşkil ediləcək Zirvə toplantısı yenə də Azərbaycanda keçiriləcək və bu, rəmzi xarakter daşıyacaq.
Görüşdə Türk Şurasına daxil olan ölkələr və xalqlar arasında dil və mədəniyyət sahələrində mövcud ortaq mirasın müasir dövrün tələblərinə uyğun olaraq təbliğ və təşviq edilməsinin münasib yolları və bu məqsədlə aparılmalı olan islahatlar müzakirə edilib. Tərəflər Türk Şurasına daxil olan ölkələr arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar.

Xarici siyasət 2018-12-06 21:21:00