×
A
A
A
Sazlamalar

Narkomaniyaya qarşı mübarizəyə cəmiyyətin bütün təbəqələri cəlb olunmalıdır

Astara, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC
Dünyada "ağ ölüm" kimi tanınan narkomaniya cəmiyyətdə, insan həyatında sağalmaz fəsadlar yaradır. Bu bəladan xilas olmaq üçün yeniyetmə və gənclər arasında geniş təbliğat işi aparılmalıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Astara şəhərindəki Heydər Əliyev Mərkəzində "Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi" mövzusunda təşkil olunan tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək” adlı filmə baxıblar.
Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı məruzə edib.
Diqqətə çatdırılıb ki, ölkəmizdə gənc nəslin sağlam böyüməsinə xüsusi qayğı ilə yanaşılır və narkomaniyaya qarşı ardıcıl mübarizə aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın reallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Rayon Polis Şöbəsinin baş inspektoru, polis baş leytenantı Amal Rzayev, Rayon Mərkəzi Xəstəxanasının narkoloqu Oktay Əmənnullayev mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyi bildirilib. Qeyd edilib ki, narkomaniyaya qarşı mübarizəyə cəmiyyətin bütün təbəqələri cəlb olunmalıdır.
Sonda tədbir iştirakçıları Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Regionlar 2018-11-13 19:34:00