×
A
A
A
Sazlamalar

“Tarixini unutma!” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Tarixini unutma!” layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, qurumun sədr müavini, professor Cavid İsmayıl ictimai birliyin reallaşdırdığı layihələrdən danışıb. Qeyd edib ki, ictimai birliyin fəaliyyətinin əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, qədim tarixini təbliğ etmək, onlar arasında əlaqələrin yaradılmasına və inkişafına kömək etməkdən ibarətdir. “Tarixini unutma!” layihəsində 200 ildən artıq bir dövrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı zaman-zaman həyata keçirilən soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən və bugünkü erməni işğalından ətraflı bəhs edilir. Belə ki, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən birinin - azərbaycanlıların düşünülmüş, məqsədli şəkildə kütləvi surətdə soyqırımlarına, repressiyalara məruz qalmaları, doğma yurdlarından sürgün edilmələri və didərgin salınmaları soydaşlarımızın nəzərinə çatdırılır. Layihənin məqsədi İrəvan, Zəngəzur, Naxçıvan, Qarabağ, Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran və digər ərazilərdə ermənilərin və tərəfdarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımını ictimaiyyətə bir daha açıqlamaq və Azərbaycandan zaman-zaman zor gücünə qoparılmış Vətən torpaqlarını tanıtmaqdır.
Sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri Qasım Hacıyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə erməni terrorizminin tarixi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aktları və s. barədə məlumat verilib.
Tədbirdə şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu, yazıçı, publisist, dramaturq, tarixçi Yunus Oğuz və başqaları tədbirin aktual mövzuya həsr olunduğunu bildirərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirdə “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin hazırladığı xüsusi film nümayiş etdirilib. Elmi araşdırmalar əsasında hazırlanan filmdə beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğu, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi barədə geniş məlumat verilir.

Elm və təhsil 2018-11-13 12:51:00