×
A
A
A
Sazlamalar

Beynəlxalq tədbirdə DİM-in qiymətləndirmə sistemi haqqında məlumat verilib

Bakı, 13 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığının Arnhem və Nijmegen şəhərlərində keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyasının (AEA-Europe) 19-cu illik konfransında iştirak edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, konfrans dünyada qiymətləndirmə sahəsinin inkişafına uzun müddət töhfə verən və DİM (əvvəlki TQDK) ilə də davamlı olaraq elmi-metodiki əməkdaşlıq edən CITO-nun (Təhsildə Ölçmə İnstitutu) təşkilatçılığı ilə reallaşıb. Tədbirin partnyor təşkilatlarından biri də Dövlət İmtahan Mərkəzi olub.
Xatırladaq ki, Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyası 2000-ci ildə təsis olunub. Assosiasiya təhsildə qiymətləndirmə sahəsi üzrə tədqiqatçı və mütəxəssislər üçün aparıcı təşkilatlardan biridir və əsas məqsədi Avropa və dünyada qiymətləndirmə sahəsində əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsidir. İllik konfranslara hər il 25 ölkədən 200-dən çox nümayəndə qoşulur. Builki konfransın mövzusu “Gələcək təhsilin qiymətləndirilməsinə körpülər” adlanıb.
Tədbirdə sessiyalar zamanı müxtəlif ölkələri təmsil edən mütəxəssislər tərəfindən təhsil və qiymətləndirmə sahəsində aktual məsələlər ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.
Konfransda əsasən öyrənmə yönümlü qiymətləndirmənin artan rolu; kompüter və multimedia əsaslı öyrənmə, qiymətləndirmə imkanları; məlumat ötürülməsindən daha çox öyrənmə strategiyasına doğru keçid; XXI əsr bacarıqları, qlobal bacarıq kimi ümumi bacarıqlar; PISA, TIMSS və PIRLS kimi beynəlxalq qiymətləndirmə alətlərinin rolu və digər mövzular üzrə çıxışlar dinlənilib.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə Bakıda keçiriləcək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının 45-ci illik konfransı haqqında məlumat verib. Eyni zamanda, Avropada olan qiymətləndirmə təşkilatları ilə Azərbaycanda həyata keçirilən təhsildə qiymətləndirmə layihələri (buraxılış və qəbul imtahanlarının yeni modelləri) haqqında fikir mübadiləsi aparılıb.
DİM-in strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn “Ölkədə təhsil xidməti göstərən Qiymətləndirmə İnstitutunun yaradılması: Azərbaycan, Qazaxıstan və Niderland nümunələrinin müqayisəsi” adlı sessiyada DİM-in qiymətləndirmə sistemi haqqında məlumat verib və müxtəlif yanaşmalar qrup müzakirəsi zamanı müqayisəli şəkildə təhlil edilib.
DİM ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) arasında olan əməkdaşlıq barədə məlumat verən V.Hüseyn iştirakçıları Bakıda keçiriləcək növbəti illik konfransa dəvət edib.
Konfrans zamanı reallaşan tədbirlərdən biri də Mədəniyyət və Dizayn üzrə ArtEZ Akademiyasının (ArtEZ Academy of Art & Design Arnhem) müəllim və tələbələri ilə görüş olub. Görüşdə qabiliyyət tələb edən incəsənət yönümlü ixtisasların qiymətləndirilməsi meyarları haqqında müzakirə aparılıb. DİM nümayəndə heyətinin üzvləri fikirlərini iştirakçılarla bölüşüb və bu sahədə ölkəmizdə olan təcrübəni paylaşıblar. Akademiya haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: https://www.artez.nl/en/about/institutes/artez-academy-of-art-design-arnhem

Elm və təhsil 2018-11-13 12:22:00