×
A
A
A
Sazlamalar

Bakıya 50 yeni avtobus gətirilib YENİLƏNİB VİDEO

Bakı, 7 noyabr, Elvin Camalov, AZƏRTAC
Bakıya 50 yeni avtobus gətirilib.
AZƏRTAC xəbər verir ki, “Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov bildirib ki, alınan 50 yeni avtobusun maliyyə dəyəri 5 milyon dollar təşkil edir. Avtobuslar Türkiyə şirkətindən alınıb. Avtobusların hansı marşrut xətti üzrə hərəkət edəcəyi hazırda məlum deyil.
Bu şirkət tərəfindən daha 33 avtobusun gətirilməsi nəzərdə tutulur. Avtobusların 8-i tezliklə, qalan 25-i isə ilin sonunadək gətiriləcək.
Yeni avtobuslar telefonlar üçün enerji ötürücü ilə, fiziki qüsurlu şəxslərin rahat minib-düşməsi üçün pandusla təchiz olunub. Avtobusların “BakıKart” sisteminə keçidi də planlaşdırılır.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev qeyd edib ki, agentlik daşıyıcı şirkətlər qarşısında avtobus parkının daim yenilənməsi məsələsini mühüm tapşırıq kimi qoyub. İstismar müddətini başa vuran avtobusların sərnişinlərə xidmət etməsinin qarşısı alınacaq, paytaxtda fəaliyyət göstərən avtobuslar yenilənəcək və qaydaları pozan daşıyıcılara qarşı sərt tədbirlər görüləcək.

Nəqliyyat 2018-11-07 11:53:00

Video