×
A
A
A
Sazlamalar

Erkək arı sürfələri bioloji stimulyatordur

Bakı, 24 oktyabr, AZƏRTAC

Orqanizmin sağlamlığı və qidalanmasında böyük rolu olan məhsullardan biri də erkək arı sürfələridir. Çində arıçılığın bu sahəsində böyük təcrübə qazanılıb və böyük istehsal yaradılıb. Lap qədim zamanlardan ölkədə sıxılaraq qurudulmuş və ya duzlanmış arı sürfələrindən istifadə olunur.
AZƏRTAC xəbər verir ki, biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov bu barədə danışarkən deyib: “Sürfələrdən xitinləşməmiş müalicəvi vasitələr hazırlanır. Bir həftəlik arı sürfələri sıxılır və alınan süd kimi maddədən istifadə edilir. Erkək arı südünün tərkibi 50 faizə qədər ana südünün kimyəvi tərkibinə uyğun olsa da, onda hormon və bioloji aktiv komponentlər daha çoxdur.
Rusiya Arıçılıq Elmi-Tədqiqat İnstitutunun məlumatına görə, erkək arı südü müalicəvi xüsusiyyətinə görə hətta ana arı südündən üstündür. Erkək sürfələrin tərkibində çoxlu miqdarda müxtəlif funksional qruplar var: sulfhidril fermentləri qrupu, testosteroidlər, progesteron və estradiol. Ona görə də sürfə hemogenatı-erkək arı südü prostat vəzin və toxum kanallarının biokimyəvi, eləcə də fizioloji bərpasına səbəb olur, androgenlərin əmələ gəlməsini hormonal səviyyədə stimulə edir.
Arı hemogeni fiziki, cinsi və əqli inkişaf zamanı əvəzolunmaz qida məhsuludur. Erkək arı hemogenatı isə daha aktiv həyat tərzi keçirənlər, fiziki və zehni işlə, ağır idman növləri ilə məşğul olanlar üçün faydalıdır. Erkək arı südü qida əlavəsi kimi hormonal sistemi stabilləşdirməklə yanaşı kişilərdə potensiyanı stimulə etmək üçün əvəzolunmaz qida əlavəsi və müalicəvi məhsuldur”.
Bioloq-alimin dediyinə görə, arı südünün gündəlik rasiona salınması orqanizmdə maddələr mübadiləsinin tənzimlənməsi və xəstəliklərə qarşı immunitetin yaranması deməkdir: “Süfrə hemogenatı təbii tonuslandırıcı təsirə malikdir. O, iştahanı artırır, qan təzyiqini formalaşdırır, laktasiyanı yaxşılaşdırır, fiziki və zehni yorğunluğu aradan qaldırır, təbii bioloji stimulyator təsiri göstərir, radiasiya əleyhinə təsirə malikdir. Herontologiyada ömrü uzadan və cavanlaşdıran vasitə kimi də istifadə edilir.
Cinsi zəiflikdə, sonsuzluqda, doğuşdan sonra laktasiya dövründə, stenokardiya, ateroskleroz, infarktlarda, endarteritlərdə, qaraciyər xəstəliklərində təbii məhsul və qida əlavəsi kimi istifadə olunur. Bundan əlavə o, kosmetik vasitə kimi cildə sürtülüb 15 dəqiqə sonra isti su ilə yuyulur.
Böyüklər onu gündə üç dəfə yeməkdən qabaq bir xörək qaşığı, 2-7 yaşlı uşaqlar gündə üç dəfə yarım çay qaşığı, 7-12 yaşlı uşaqlar isə gündə üç dəfə bir çay qaşığı qəbul edə bilərlər”.

Sağlamlıq klubu 2018-10-24 11:36:00