×
A
A
A
Sazlamalar

Saç əkimi cərrahı: İnsan başından gün ərzində 100-150 tükün tökülməsi normaldır

Bakı, 20 oktyabr, AZƏRTAC

Saç tökülməsinin və keçəlliyin səbəbləri müxtəlifdir. Lakin 98 faiz hallarda saçlar genetik səbəblərdən tökülür və bu hala daha çox kişilərdə rast gəlinir. Qadınlarda isə hamiləlik dövründə və körpəyə süd verən zaman saç tökülməsi ola bilər ki, bunun da müalicəyə ehtiyacı yoxdur. Laktasiya dövrü keçəndən sonra bu problem aradan qalxır və saçlar bərpa olunur. Bu zaman qadınlar, sadəcə, vitamin qəbul edə bilərlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının saç əkimi cərrahı Rəşad Əliyev deyib.
-Normalda gün ərzində saçdan neçə tük tökülməlidir? Saç tökülməsini artıran səbəblər hansılardır?
-Normal insanın başında 120 min tük follikulu var. Gün ərzində 100-150 tükün tökülməsi adi haldır. Yaşadığı mühiti dəyişmək, qapalı iş yerində işləmək, stress saç tökülməsini artıran səbəblərdir. Lakin bu heç də keçəllik deyil. Bəzən qidalanmanın keçəlliyə səbəb olduğunu da deyirlər. Lakin bu, doğru anlayış deyil və qidalanma keçəllik yarada bilməz. Saç tökülməsinə hər iki cinsdə rast gəlinsə də, keçəllik daha çox kişilərdə müşahidə olunur. Çünki hormon və genlər burada mühüm rol oynayır. Qadınlarda da bəzən kişi tipli keçəllik yaranır. Yəni, başın ön tərəfində saç daha çox tökülür.
-Saç tökülməsinə qarşı bir çox şampunlar reklam olunur. Bu barədə nə deyə bilərsiniz? Şampun saç tökülməsinin qarşısını ala bilərmi?
-Saç tökülməsinə qarşı şampun yoxdur. Şampun, sadəcə, yuyucu vasitədir. Onun tərkibində kimyəvi maddələr olduğu üçün dəridən qana sovrula bilməz. Lakin dərman vasitəsi kimi istifadə olunan şampunlar var ki, onlar istisnadır.
Bəzən saç tökülməsi ilə keçəllik səhv salınır. Dediyim kimi, stress də saç tökülməsinə səbəb ola bilər. Keçəllik isə 98 faiz genetikdir. Saçlarda yağlanma və zəifləmə varsa, pasiyentin saçının dibinə öz qanının plazması vurulmalıdır. Altı seanslıq müalicə nəticəsində tökülmə və yağlanma dayanır.
-Saç əkimi necə icra olunur? Bunun hansı üsulları var?
-Saç əkimi təxminən yarım əsrdir ki, icra olunur. İlk dəfə bu üsul Koreyada tətbiq olunsa da, daha çox yunanlar tərəfindən inkişaf etdirilib. Bizə də müasir inkişaf forması çatıb. Saç əkiminin iki növü var: fut və fue. Fut üsulundan başın ənsə nahiyəsindən dəri kəsib götürülür. Bu prosesin mənfi cəhəti götürülən hissədə çapıq izinin qalmasıdır və estetik olaraq problem yaradır. Bu gün dünyada daha çox istifadə olunan fue üsuludur. Bu zaman saç kökləri tək-tək götürülərək başqa nahiyəyə əkilir. Həm qadınlara, həm də kişilərə tətbiq olunan bu metodun üstün cəhəti çapıq izinin qalmamasıdır. Bu zaman insanların gündəlik həyata qayıtması da daha tez olur. Bu üsulun tətbiqi də ağrısızdır, yerli keyləşdirmə ilə həyata keçirilir. Əməliyyatdan sonra dərman qəbul edilmir. Əkilən yerdə isə tüklər daha yaxşı inkişaf edir. Qadınlarda və kişilərdə tətbiq üsulları nisbətən fərqlənir. Qadınlar saçlarını tam qırxdırmadıqlarına görə fuemtab metoduna üstünlük verilir. Bu zaman əkilən saçlar tökülmür və onlara 70 il zəmanət verilir.
-Saç əkilməsi üçün donor tüklər haradan götürülür?
-Bu tüklər əsasən başın ənsə hissəsindən götürülsə də, donor sahəsi müxtəlifdir. Bu sahə yetərli olmayanda kişilərdə tüklər sinədən, ayaqdan, kürəkdən, saqqaldan götürülə bilir. Onu da qeyd edim ki, saç əkimində pasiyentin yalnız öz tüklərindən istifadə olunur. Qadınlarda bəzi hallarda donor tüklər qoltuq altından da götürülə bilər.
-Saç əkimi prosesi nə qədər davam edir? Əməliyyatdan sonra nələrin edilməsi qadağandır?
-Proses təxminən 3-5 saat davam edir. Saç əkimindən dörd gün sonra saçlar yuyula bilər. Qadınlar saçlarını yuyarkən ehtiyatlı olmalıdırlar. Saçlara altı həftədən tez xına, boya vurmaq olmaz və onlar normal qaydada qurulanmalıdır. Fendən çox istifadə tövsiyə edilmir. Saçları kəsmək olar. Çünki bu zaman saçın yüklənməsi azalır.
-Əkilən saçlar nə zaman çıxmağa başlayır?
-Saçlar əkildikdən altı həftə sonra tökülür və iki ay sonra yenidən çıxmağa başlayır. Əkilən saçın 50 faizi altı ay ərzində çıxır. Tam inkişaf etməsi üçün ideal zaman 10 aydır. Keçəl insanlarda bəzən proses iki dəfə icra olunur. Orqanizmdən asılı olaraq saçın çıxması prosesi ləngiyə və ya tezləşə bilər. Elə pasiyent var ki, əkilən saçın yarısı beş aydan sonra çıxır. Bəzilərində isə bu müddət ərzində saçın yalnız 30 faizi çıxır. Amma bu son nəticələrə təsir etmir. Yəni, əkilən saçların hamısı inkişaf edir və tədricən müsbət nəticə əldə olunur.
-Saç əkimi kimlərə tətbiq olunmur?
-Saç əkimi hemofiliya xəstələrinə, qanın laxtalanmasında problem yaşayanlara, immun sistemi ilə bağlı keçəlliyi olanlara tətbiq olunmur. Onu da qeyd edim ki, əksər hallarda keçəlliyi olanlarda saçın kökləri qalır və bu problem, sadəcə, müalicə tələb edir.
-Neçə yaşdan sonra saç əkimi üçün müraciət etmək olar? Bu prosedurun mənfi cəhətləri nələrdir?
- Saç əkimi üçün 17 yaşdan yuxarı müraciət etmək olar. Donor hissə pasiyentin öz toxumasından alınır və ən təhlükəsiz tibbi metodlardan biri hesab edilir. Saç əkiminin heç bir mənfi təsiri yoxdur. Bir dəfə tətbiq olunur və ömür boyu qalır.
-Saç ilə bağlı oxuculara nə məsləhət görərdiniz?
-Saçlarını hər gün yusunlar. Yağlı saç tipi olanlar saçın dibinə yağ vurmasınlar. Xanımlar bacardıqca saç qaynaqlarından az istifadə etsinlər. Çünki qaynaqlar saçı demək olar ki, məhv edir. Keçəlliyin yaranmasının bir səbəbi də dartılmadır. Buna qaynaq kimi saçı dartıb yığmaq da aiddir. Saçları çox isti su ilə yumaq tökülmə yaratmasa da, ziyandır. Saçlar maksimum temperaturu 37-38 dərəcə olan su ilə yuyulmalıdır.

 

Sağlamlıq klubu 2018-10-20 12:35:00