×
A
A
A
Sazlamalar

Görmə zəifliyi olan hamilə qadınlarda təbii yolla doğuş

Bakı, 18 oktyabr, AZƏRTAC 

Siz mənfi rəqəmləri olan eynək taxırsınız, görmə zəifliyindən əziyyət çəkirsiniz. “Bu, gələcəkdə nə kimi problemlər yarada bilər?” sualını özünüzə tez-tez verməli olursunuz. Bəzi həkim həmkarlarımız görmə zəifliyinin təbii doğuş zamanı torlu qişanın qopma səbəbi olduğunu qeyd edirlər. Miopiya (refraktiv qüsur) təbii doğuş üçün problem yaratmır. Hamiləlik qadın orqanizminə böyük stressdir. Qadınlarımız bu çətin imtahanın öhdəsindən uğurla gəlirlər. İldən-ilə artan göz xəstəlikləri isə bu çətin yolda bəzi xanımlarımızı qorxudur və onlar təbii doğuş əvəzinə əməliyyata üz tuturlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın oftalmoloqu Leyla Qəhrəmanova bildirib.
Həkim deyib: “Xəstələrin ginekoloqla yanaşı, oftalmoloq müayinəsindən keçmələrinin əsas səbəbi təbii doğuşa razılıq (çıxarış) vərəqəsinin alınmasıdır. Onları maraqlandıran məqamlar isə göz dibinin vəziyyəti və gələcəkdə torlu qişanın bu səbəbdən qopub-qopmamasıdır. Əslində təbii doğuşa göz xəstəliklərinin içində miopiya adlanan xəstəlik əngəl yarada bilməz. Hətta şəxsi 18 illik təcrübəmdən deyə bilərəm ki, ancaq doğuşdan sonra bir neçə xəstədə torlu qişanın qopmasına rast gəlmişəm. O xanımlar da HELLP sindromundan əziyyət çəkirdilər. HELLP sindromu hamiləliyin ilk 3 ayında - 35 həftəsinə qədər olan, nadir rast gəlinən fəsadlaşmış hamiləlikdir. Bu hamilələrdə miopiya, astiqmatizm kimi heç bir refraktiv qüsur müşahidə olunmurdu. Mən bu məsələni araşdırıb xarici həmkarlarımın elmi məqalələrinə müraciət etdim. Onların çoxu göz zəifliyinin normal doğuşa əngəl yarada bilmədiyini qeyd edirlər. Bu məqalələrdə tamamilə başqa göz xəstəliklərinin siyahısı göstərilir ki, orada miopiya yoxdur. Rus məktəbinin yanaşması isə tam fərqlidir və onlar azlıq təşkil edir”.
Hamilə qadınlarda normal doğuşa əngəl yaradan xəstəliklərdən danışan L.Qəhrəmanova deyib: “Bunlara buynuz qişanın transplantasiyası (buynuz qişa köçürmələri), gözdaxili təzyiq və şişlər, torlu qişanın qopması, eləcə də bu səbəbdən əməliyyat olunmuş xəstələr aiddir. Gördüyünüz kimi bu siyahıda miopiya və hansısa bir refraktiv qüsur olan xəstəlik yoxdur. Doğuş düzgün aparıldıqda hətta bu göz xəstəlikləri olan qadınlar da təbii yolla dünyaya uşaq gətirə bilərlər. Oftalmoloqların ginekoloqlara və hamilə qadınlara tövsiyəsi odur ki, bütün hallarda təbii doğuşa getmək olar. Buna hətta bu problemləri olan xəstələr də daxildirlər. Sadəcə, doğuşun ginekoloq nəzarəti altında və fəsadsız aparılması vacibdir. Onu da vurğulamaq istərdim ki, eynəkdən azad olma əməliyyatı keçirmiş xanımlar gələcəkdə təbii doğuşla dünyaya sağlam uşaq gətirə bilərlər”.

Sağlamlıq klubu 2018-10-18 16:37:00