×
A
A
A
Sazlamalar

Azərbaycanın iki cüdoçusu dünya birinciliyinin finalında qarşılaşıblar

Bakı, 18 oktyabr, AZƏRTAC 

Baham adalarının Nassau şəhərində gənc cüdoçular arasında dünya birinciliyinə start verilib. Çempionatın birinci günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. B.Ağayev həlledici görüşə qədər Monqolustan, Hollandiya, Meksika, Rövşən Əliyev isə Macarıstan, Yaponiya və Qırğızıstan idmançılarını məğlub ediblər. Azərbaycan finalının qalibi adına Rövşən Əliyev layiq görülüb.
Cüdoçumuzun qələbəsinin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
Qızların mübarizəsində isə 44 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə belçikalı Luis Pettitə uduzaraq beşinci yeri tutub.
Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatının birinci günündə 1 qızıl və 1 gümüş medal qazanıblar.

İdman 2018-10-18 12:55:00