×
A
A
A
Sazlamalar

Estetik cərrah: Məqsədimiz pasiyentləri komplekslərdən azad etməkdir

Bakı, 10 oktyabr, AZƏRTAC

İnsanlar öz xarici görünüşlərində kompleks etdikləri nahiyəni istədikləri formaya salmaq, qəza və ya bədbəxt hadisə zamanı yaranan fiziki qüsurları bərpa etmək məqsədilə plastik, estetik və rekonstruktiv cərrahiyyəyə üz tuturlar. Rekonstruktiv cərrahiyyədə anadangəlmə qüsurlar və ya qəza nəticəsində itirilmiş və ya pozulmuş orqan bərpa edilir. Plastik cərrahiyyə insanların öz orqanlarını istədiyi formada görməsinə imkan verir. Məsələn, burun əyridirsə, düzəldilir, süd vəzisi böyüdülür və kiçildilir və s. Estetik cərrahiyyə zamanı isə üzdə hansısa bir gəncləşdirmə əməliyyatı aparılır. Misal üçün göz qapağı sallanmalarının aradan qaldırılmasını göstərmək olar. Bir sözlə desək, edilən bütün bu əməliyyatların məqsədi gözəllik yaratmaqdır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının plastik və estetik cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayev məlumat verib.
Həkim bildirib ki, plastik cərrahiyyəyə qadınlar daha çox müraciət edirlər. Lakin kişilər tərəfindən də bunun üçün həkimə gələnlərin sayı az deyil. Plastik cərrahiyyəyə üz tutanların yaşlarına gəlincə isə şöbə müdiri deyib: “Əməliyyatın növündən asılı olaraq yaş qrupları dəyişir. Gözətrafı və üzün gəncləşdirilməsi əməliyyatına adətən yaşı 40-dan çox olanlar müraciət edirlər. Lakin genetik mənşəli gözətrafı sallanmalara görə daha cavan yaş qrupları arasında da cərrahiyyəyə üz tutanlar olur. Gənc xanımlar arasında burun əməliyyatları daha geniş yayılıb. Bundan əlavə, süd vəzilərinin estetik görünüşündə dəyişiklik və liposaksiya əməliyyatına da üz tutanlar az deyil. Orta yaş qrupuna aid və bir neçə övlad dünyaya gətirmiş xanımlarda qarının ön divarının əzələlərində ifrat bir sallanma əmələ gəlir və abdomenoplastika, yəni qarıngərmə əməliyyatına ehtiyac yaranır. Həmin yaş qrupuna aid, yəni 35-45 yaş arası xanımlar mastopeksiya-süd vəzisinin dartılması əməliyyatına da müraciət edirlər. Kişilər isə liposaksiya, burun və gözətrafı nahiyənin əməliyyatına üstünlük verirlər. Bununla yanaşı, kişilərdə bəzən ginekomastiya deyilən bir problem də meydana çıxır. Bu, kişilərdə yetkinlik yaşından sonra süd vəzilərinin hormonal olaraq böyüməsidir ki, belə olduqda cərrahi müdaxilə tələb olunur”.
M.Abdullayev əməliyyatdan əvvəl görülən tədbirlər barəsində məlumat verib: “Bütün əməliyyatlardan öncə pasiyentin orqanizmində olan bütün sistemlər əməliyyat-müayinə paketi əsasında dəyərləndirilir. Paketə qanın ümumi təhlili, infeksiyanın olub-olmamasının yoxlanılması, döş qəfəsinin rentgeni, ürəyin kardioqraması və s. kimi standart müayinə üsulları daxildir. Yoxlanılan orqanlardan hansındasa və ya aparılan analizlərdəki hər hansı parametrdə şübhə yaranarsa, daha dərin araşdırma aparılır. Şübhə olmadığı təqdirdə isə nəticələr toplanaraq anestezioloji bölməyə yönləndirilir. Anestezioloqun müsbət rəyindən sonra əməliyyatın vaxtı təyin edilir. Əməliyyatla bağlı əks göstərişlər əsasən tənəffüs sistemində, qanında, ürəyində problem olanlara və ya ciddi şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə şamil edilir. Bu o demək deyil ki, onlar əməliyyat oluna bilməz. Həmin pasiyentlər bir müddət müalicə aldıqdan sonra yenidən müayinə olunaraq anestezioloqun rəyi alınır”.
Rəhbərlik etdiyi şöbə barədə məlumat verən həkim deyib: “Klinikamızda fəaliyyət göstərən plastik və estetik cərrahiyyə şöbəsində geniş, işıqlı təkli və cütlü hər bir avadanlıqla təmin olunmuş palatalar, müayinə və tam sterillik normalarına cavab verən sarğı otaqları var. Şöbəmizdə müasir standartlara cavab verən saç əkimi və kosmetologiya bölmələri də fəaliyyət göstərir. Məqsədimiz pasiyentləri komplekslərdən azad edib məmnuniyyətlərini qazanmaqdır”.

Sağlamlıq klubu 2018-10-10 17:58:00