×
A
A
A
Sazlamalar

GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir

Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının iclasında müzakirə olunan məsələlərdən biri də GEANT Assosiasiyası ilə əlaqələrin vəziyyətinə həsr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institut direktorunun texnologiyalar üzrə müavini, dosent Rəşid Ələkbərov bu istiqamətdə cari ildə görülmüş işləri nəzərə çatdırıb. Bildirilib ki, AzScienceNet elm kompüter şəbəkəsi 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşularaq Azərbaycanı bu qurumda təmsil edir.
AzScienceNet-in ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu deyən R.Ələkbərov AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən faydalanmaq imkanlarına malikdir.
R.Ələkbərovun sözlərinə görə, AzScienceNet və Azərbaycan Təhsil Şəbəkəsi – AzEduNet arasında inteqrasiyanın təmin olunması nəticəsində Təhsil Nazirliyinin ali məktəblər və digər təhsil qurumlarının alim və mütəxəssisləri, doktorant və dissertanlarının GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərdən istifadəsinə geniş imkanlar yaradılıb.
AzEduNet şəbəkəsinin AzScienceNet-ə inteqrasiyası istiqamətində ölkənin elm və təhsil müəssisələri üçün WiFi və “Eduroam” xidmətinin yaradılması və genişləndirilməsi işlərinin görüldüyünü söyləyən alim cari ilin sonunadək təklif olunan sürətin artırılmasının nəzərdə tutulduğunu deyib. R.Ələkbərov GEANT ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə həyata keçirilən “EaPConnect” layihəsi çərçivəsində görülmüş işləri diqqətə çatdırıb, AMEA-nın institut və təşkilatlarının GEANT-a qoşulması işlərinin həyata keçirildiyini bildirib.

Elm və təhsil 2018-09-25 13:15:00