×
A
A
A
Sazlamalar

Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub YENİLƏNİB

Bakı, 25 sentyabr, AZƏRTAC
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Monqolustan Prezidentinə AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti barədə ətraflı məlumat verildi. Bildirildi ki, Yüksək Texnologiyalar Parkı elm və istehsalat adamlarının bir araya gəldiyi məkana çevrilməkdədir. Yüksək Texnologiyalar Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılıb. AMEA-nın təcrübə-sənaye zavodunun ərazisində yaradılan bu parkda müxtəlif mühərrik, kompressor və hidravlik yağlar, plastik sürtkü materialları kimi məhsullar istehsal olunur. Qeyd edildi ki, YTP-nin əsas fəaliyyət istiqaməti elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda, neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.
Diqqətə çatdırıldı ki, parkda hazırda 60 adda məhsul istehsal olunur və bu məhsullar xaricdən idxal edilən məhsullardan keyfiyyətcə qat-qat üstündür. Eləcə də “Zavod elmi-tədqiqat sınaq laboratoriyası”nda Yüksək Texnologiyalar Parkında istehsal edilən məhsulun, xammalın və yarımfabrikatların keyfiyyətinə nəzarət olunur.
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanışlıqdan məmnun qaldığını bildirib.

 

Elm və təhsil 2018-09-25 13:03:00