×
A
A
A
Sazlamalar

Bolqarıstan Elmlər Akademiyasının sədri: Arxeoloqlarımızın birgə tədqiqatlar aparmaları üçün dəstək göstərməyə hazırıq

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda (AEİ) Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AEİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə bu institutun direktoru, professor Maisə Rəhimova rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyət istiqamətləri, son illər arxeologiya və etnoqrafiya sahələri üzrə aparılan tədqiqatlar, əldə olunan uğurlar barədə məlumat verib. O, həmçinin dünyanın bir sıra ölkələrinin elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində AEİ-nin əməkdaşlarının apardıqları tədqiqatlardan, müasir texnologiyaların tətbiqi ilə bağlı yeni elmi-tədqiqat istiqamətlərinin yaradılması sahəsində institutda görülən işlərdən danışıb.
M.Rəhimova AEİ ilə BEA-nın Milli Arxeologiya İnstitutu arasında imzalanmış memorandumun müasir dövrdə hər iki ölkə arxeoloqlarının əməkdaşlığı üçün zəmin olduğunu vurğulayıb.
Hər iki ölkə alimlərinin müxtəlif elm sahələri üzrə əməkdaşlığı üçün geniş perspektivlərdən danışan Y.Revalski arxeoloq və etnoloqlarımızın birgə tədqiqatları, təcrübə mübadilələri üçün hər cür dəstək göstərməyə hazır olduqlarını qeyd edib.
Görüşdə, həmçinin hər iki ölkə alimlərinin əməkdaşlıq perspektivləri, müasir dünya elminin çağırışlarına uyğun tədqiqat sahələrinin inkişafı, Azərbaycan və Bolqarıstan tədqiqatçılarının arxeologiya, etnoqrafiya, tarix və digər istiqamətlərdə multidissiplinar araşdırmaları ehtiva edən ortaq mövzular barədə fikir mübadiləsi aparılıb.
Görüşdən sonra BEA-nın nümayəndə heyəti İçərişəhərdə yerləşən AEİ-nin muzey-sərgi zalı ilə tanış olub. İnstitutun elmi ekspozisiya şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev sərgilənən maddi mədəniyyət nümunələri, ölkəmizdə və bütünlüklə Cənubi Qafqazda müxtəlif tarixi dövrlər üzrə arxeoloji mədəniyyətlər, Azərbaycan arxeologiyasının inkişaf mərhələləri, işğal altında olan ərazilərimizdəki arxeoloji abidələr və aparılan son arxeoloji tədqiqatlar zamanı əldə edilən nəticələr barədə ətraflı məlumat verib.

Elm və təhsil 2018-09-25 10:59:00