×
A
A
A
Sazlamalar

Yaponiya hökumətinin dəstəyi ilə indiyədək Zaqatalada 9 layihə reallaşıb

Zaqatala, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Zaqatala rayonunda sayca doqquzuncu layihənin icrası uğurla başa çatıb. Sentyabrın 24-də rayonun Qandax kəndində “Su təchizatı sisteminin tikintisi” layihəsinin başa çatması münasibətilə mərasim keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın 11 ildir uğurla davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, qrant yardımı proqramı çərçivəsində Zaqatala rayonunda indiyədək bu layihə də daxil olmaqla, ümumi dəyəri 885 min ABŞ dolları olan 9 layihə reallaşıb. Bu layihələr məktəb və tibb məntəqələrinin tikintisi, tullantıların idarə olunması və su təchizatı sahələrini əhatə edib.
Zaqatalaya dördüncü dəfədir səfər etdiyini, rayonun təbiətinə heyran qaldığını vurğulayan səfir Teruyuki Katori Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan bu layihə üzrə işlər Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi arasında imzalanan müqavilə əsasında yerinə yetirilib. Yaponiya hökumətinin “Zaqatala rayonunun Qandax və Kəpənəkçi kəndlərində su təchizatının tikintisi” layihəsi üzrə ayırdığı qrant yardımının ümumi məbləği 90 min 719 ABŞ dolları təşkil edib.
Su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

Regionlar 2018-09-24 20:20:00