×
A
A
A
Sazlamalar

“Qızıl top” mükafatı qadın futbolçulara da təqdim ediləcək

Bakı, 24 sentyabr, AZƏRTAC

İlin ən yaxşı futbolçusu üçün “Qızıl top” mükafatını təsis etmiş France Football nəşri 2018-ci ildən etibarən bu mükafatı həm kişi, həm də qadın futbolçulara təqdim edəcək.
AZƏRTAC bu barədə jurnalın saytına istinadla xəbər verir.
Nəşrin baş redaktoru Paskal Ferre Assoşieyted Press Agentliyinə müsahibəsində deyib: “Qadın futbolu sürətlə inkişaf edən idman növüdür. Kişi futbolu kimi qadın futbolu da hörmətli münasibətə layiqdir. Qadın futbolu sürətlə inkişaf edir və yetkinləşir. 2015-ci ildə qadınlar arasında keçirilmiş futbol üzrə sonuncu dünya çempionatının oyunlarına 760 milyondan çox azarkeş tamaşa edib, bu, heç də təsadüfi deyil.
Bu mükafata iddia edən 15 namizədin siyahısı oktyabrın 8-də elan olunacaq. Nominantları jurnal seçəcək, qalibi isə bir sıra ölkələrin qadın futbolu üzrə ixtisaslaşan jurnalistləri müəyyən edəcəklər. “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi dekabrın 3-də Parisdə keçiriləcək.
“France Football” jurnalı ilin ən yaxşı gənc futbolçusu üçün də mükafat təsis edib. Bu mükafat “Qızıl top”a layiq görülmüş (1958-ci ildə) ilk fransız futbolçusu, Madridin “Real” komandasının keçmiş yarımmüdafiəçisi Raymon Kopanın şərəfinə “Kopa trofeyi” adlanır. Kopa 2017-ci ilin mart ayında 85 yaşında vəfat edib. Yaşı 21-dən çox olmayan oyunçular arasında 10 nominant bu mükafatın əvvəlki sahibləri tərəfindən seçiləcək.
“France Football” jurnalı “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. Mükafatın ilk sahibi ingilis futbolçusu Stenli Mətyuz olub. “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin və İtaliyanın “Yuventus” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun aktivində rekord sayda (hərəyə 5 dəfə) “Qızıl top” var.
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) ən yaxşı qadın futbolçuya mükafatı 2001-ci ildən təqdim edir. Bu mükafatın ilk sahibi amerikalı hücumçu Mia Hemm olub. Braziliyalı hücumçu Marta bu mükafata hamıdan çox sayda layiq görülüb. O, beş dəfə (2006-2010-cu illərdə) ilin ən yaxşı futbolçu qadını hesab edilib.

İdman 2018-09-24 17:08:00