×
A
A
A
Sazlamalar

Anjela Vasilenko: Sizin dünyada bənzəri olmayan gözəl idman arenanız var

Bakı, 18 avqust, AZƏRTAC
Hər bir ölkə gimnastikanın bütün növlərinin inkişafı, o cümlədən yarışların təşkili məsələlərində Azərbaycanda görülən işlərə həsəd apara bilər. Bakıda keçirilən bədii gimnastika üzrə “GymBala” beynəlxalq turniri yüksək səviyyədə təşkil olunub. Sizin dünyada bənzəri olmayan gözəl idman arenanız var. Bizim üçün burada çıxış etmək çox xoşdur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində bədii gimnastika üzrə Ukrayna yığmasının məşqçisi Anjela Vasilenko söyləyib.
Azərbaycanın paytaxtı haqqında təəssüratlarını bölüşən ukraynalı məşqçi qeyd edib ki, Bakı qeyri-adi memarlığı ilə fərqlənən çox gözəl şəhərdir.
Turnirdə Ukraynanı 5 gimnastın təmsil etdiyini diqqətə çatdıran A.Vasilenko bədii gimnastika üzrə Azərbaycan yığmasının çıxışlarını da şərh edib: “Azərbaycan yığmasının qrup halında çıxışları, Mariana Vasilyevanın verdiyi quruluşlar çox xoşuma gəlir. Lakin hər bir atletin güclü və zəif cəhətləri var. Azərbaycan gimnastları səy göstərsələr, yaxşı nəticələr əldə edəcəklər”.

İdman 2018-08-18 18:54:00