×
A
A
A
Sazlamalar

Kəngərli rayonunda yeni yaşayış binası inşa olunur

Kəngərli, 5 iyul, AZƏRTAC

Kəngərli rayonunun Qıvraq qəsəbəsi aparılan kompleks quruculuq işlərindən sonra müasir görkəm alıb. İstifadəyə verilən sosial obyektlər, yaradılan istehsal müəssisələri qəsəbənin simasını tamamilə dəyişib, sakinlərin rahat yaşayışı təmin olunub, məskunlaşma artıb. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Qıvraq qəsəbəsində gənc ailələr üçün yeni yaşayış binası tikilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov yaşayış binasında görülən işlərlə tanış olub.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən və 2 girişdən ibarət olan yaşayış binasında əsas tikinti işləri başa çatdırılıb. Hazırda binanın fasadında üzləmə işləri görülür, mənzillər təmir olunur. 48 mənzilli binada 2 lift istifadəyə veriləcək, zirzəmidə xidmət sahələri yaradılacaqdır. Mənzillərdən 36-sı ikiotaqlı, 12-si isə 3 otaqlıdır. Binada bütün kommunikasiya xətləri çəkilib.
Yaşayış binasının həyətində də abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, avtomobil dayanacağı istifadəyə veriləcəkdir.
Ali Məclisin Sədri binada tikinti işlərinin bu ilin oktyabr ayına qədər başa çatdırılması barədə müvafiq tapşırıqlar verib.

Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yaşayış binası tikilir

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər içərisində hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Hərbi hissələrdə istifadəyə verilən yeni yaşayış binaları zabit-gizir ailələrinin rahat yaşayışını təmin edir. Bu il də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası tikilir. 

İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada aparılan tikinti işləri ilə maraqlanıb.
Bildirilib ki, 44 mənzilli yaşayış binası 5 mərtəbədən ibarət olacaq. Hazırda binanın birinci mərtəbəsində tikinti işləri başa çatdırılıb. İki, üç və dörd otaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılacaq, fərdi istilik sistemi qurulacaq, mebel dəstləri və digər ev əşyaları qoyulacaqdır. Binanın həyəti də abadlaşacaq, avtomobil dayanacağı istifadəyə veriləcəkdir.
Sonra Ali Məclisin Sədri Qıvraq qəsəbəsində salınan yeni istirahət parkına da baxıb.
Məlumat verilib ki, sakinlərin və hərbçi ailələrinin mənalı istirahətini təmin etmək üçün parkda yaşıllıq və gülkarlıq sahələri ayrılıb, gəzinti yolları çəkilib. Parkda fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq, oturacaqlar qoyulacaq, dayanacaq yaradılacaqdır.
Ali Məclisin Sədri yaşayış binasında və istirahət parkında tikinti işlərinin keyfiyyətlə aparılması, istirahət parkı salınan ərazidə avtomobil yolunun genişləndirilməsi barədə tapşırıqlar verib.

Daxili siyasət 2018-07-05 19:22:00