×
A
A
A
Sazlamalar

“Rusiya 2018”: Xorvatiya millisi Argentinadan Fransadakı məğlubiyyətin əvəzini çıxa biləcəkmi?

Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının səkkizinci gününün sonuncu oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “D” qrupunda mübarizə aparan Argentina və Xorvatiya milli komandaları “Nijni Novqorod Arena”da qarşılaşırlar.
Argentina yığmasının start heyətində Vilfredo Kaballero, Qabriel Merkado, Nikolas Talyafiko, Markos Akunya, Lionel Messi, Xavyer Maskerano, Enso Peres, Nikolas Otamendi, Eduardo Salvio və Serxio Aquero yer alıblar.
Xorvatiya millisinin heyətində meydançaya Daniel Subaşiç, Şime Vrsalko, İvan Striniç, İvan Perişiç, Deyan Lovren, İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç, Mario Mancukiç, Ante Rebiç və Domaqoy Vida çıxıblar.
Xatırladaq ki, ilk turda Xorvatiya millisi Nigeriyanı 2:0 hesabı ilə məğlub edib. Argentina-İslandiya oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Xorvatiya 3 xalla qrupda birinci yerdə qərarlaşıb.
İndiyədək 4 dəfə qarşılaşan komandaların statistikasında üstünlük Argentina millisinə məxsusdur: 3 qələbə və 1 heç-heçə. İyirmi il əvvəl Fransada keçirilən dünya çempionatının qrup mərhələsində bu komandaların qarşılaşmasında Argentina millisi minimal hesabla qalib gəlib – 1:0. FIFA-nın reytinq cədvəlində Latın Amerikası təmsilçisi ilk beşliyi tamamlayır. Xorvatiya millisi isə 20-ci pillədə yer alıb.
Qeyd edək ki, mundialın səkkizinci gününün ilk iki oyununda “C” qrupu çərçivəsində Danimarka-Avstraliya matçı 1:1 hesabı ilə başa çatıb, Fransa millisi isə Peruya 1:0 hesabı ilə qalib gəlib.

İdman 2018-06-21 22:02:00