×
A
A
A
Sazlamalar

Ali Attestasiya Komissiyasında Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş konfrans keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş konfrans keçirilib. Bu barədə AZƏRTAC-a AAK-dan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri əvəzi, AAK sədrinin müavini Vəli Hüseynov bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Müstəqilliyin ilk illərində Azərbaycan ərazilərinin işğalı, gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək güclü bir liderə ehtiyac olduğunu həyati zərurətə çevirmişdi. Həmin dövrdə bir həqiqət kimi məlum oldu ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız ürəyinin səsinə qulaq asaraq və Heydər Əliyevin ətrafında sıx birləşərək öz gələcək taleyini özü həll etmək istəyirdi. 1993-cü ilin yayına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter almağa və hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratmağa başladı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin həmin dövrünü belə təsvir edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. 1993-cü ildə xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsinə, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasına və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasına gətirib çıxardı. Həmin dövrdən başlayaraq, Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilib.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirib. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 İyun - Milli Qurtuluş Günü kimi rəsmiləşdirilib.
Konfransda məruzə ilə çıxış edən AAK-ın şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli qeyd edib ki, dövləti qurmaq nə qədər çətindirsə, dövləti qoruyub saxlamaq ondan da çətindir. XX əsrdə Azərbaycan xalqına iki dəfə öz müstəqil dövlətini qurmaq nəsib olub. Birinci dəfə yaradılmış dövlətimiz 1920-ci ildə işğal olunsa da, XX əsrin sonunda qurduğumuz dövlətimizi qoruyub saxlaya bildik. Hazırkı dövlətimiz üçün yaranmış təhlükənin qarşısını almaq və Azərbaycanı inkişaf etdirmək ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi 15 iyun 1993-cü ildə Milli Qurtuluş Günündən start götürən zəfər yürüşü ilə başlamışdır.
Tədbirdə məruzə edən AAK-ın humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Xatirə Heydərova çıxışında 15 iyun tarixinin səbəbkarının Azərbaycan Respublikasının inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa olan bir dahi şəxsiyyət - Heydər Əlirza oğlu Əliyev olduğunu qeyd edib. Məhz onun sayəsində mürəkkəb geosiyasi bir mühitlə əhatələnmiş Azərbaycanın dünya dövlətləri arasında yüksək mövqe nümayiş etdirməsinin, bayrağımızın dünya dövlətlərinin bayraqları sırasında dalğalanmasının hər bir Azərbaycan vətəndaşı üçün qürurverici hal olması vurğulanıb.
Konfransda xüsusi olaraq qeyd olunub ki, respublikamızın hərtərəfli və güclü inkişafı Milli Qurtuluş Günündən başlayıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının daha da uğurlu inkişafı və güclü modern dövlətə çevrilməsi istiqamətində genişmiqyaslı dövlət proqramları həyata keçirilir.

Daxili siyasət 2018-06-13 20:42:00